Kərimarxı – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Qurduqulu (Hoktemberyan) rayonunda, hazırda isə Armavir vilayətində kənd. Vilayət mərkəzi Sərdarabad (Armavir) şəhərindən 7 km cənubda, dəniz səviyyəsindən 855 m hündürlükdə yerləşir.
Kənddə 1831-ci ildə 311 nəfər, 1873-cü ildə 1215 nəfər, 1886-cı ildə 1357 nəfər, 1897-ci ildə 1474 nəfər, 1904-cü ildə 1700 nəfər, 1914-cü ildə 1802 nəfər, 1919-cu ildə isə 1840 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919-cu ilin sonunda azərbaycanlılar erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq qırğınlarla deportasiya olunmuşdur. Kəndə xaricdən köçürülüb gətirilən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra kəndi tərk etmiş azərbaycanlılardan sağ qalanlar tarixi-etnik torpaqlarına qayıda bilmişdilər. Burada ermənilərlə yanaşı 1922-ci ildə 239 nəfər, 1926-cı ildə 303 nəfər, 1931-ci ildə isə 268 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edilmişdir. Hazırda kənddə ermənilər yaşayırlar.
Toponim Kərim şəxs adı ilə “arx” sözünün əsasında əmələ gəlmişdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilərək “Sovetakan” qoyulmuşdur. Ermənistan prezidentinin 7 aprel 2006-ci il tarixli fərmanı ilə adı yenidən dəyişdirilərək “Alaşkert” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Armavir vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°06′ şm. e., 44°03′ ş. u.