Qızıl Qoç rayonu 1937-ci il dekabrın 31-də yaradılmışdır. Sahəsi 547 km² olan rayonun inzibati mərkəzi Qızıl Qoç qəsəbəsi olmuşdur. Buradan İrəvan şəhərinə olan məsafə 165 km-dir.
Rayonun ərazisi tarixi İrəvan xanlığının Ağababa mahalına, Çar Rusiyası dövründə isə İrəvan quberniyasının Aleksandropol qəzasına daxil olmuşdur.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4 yanvar 1938-ci il tarixli fərmanı ilə rayonun adı dəyişdirilərək “Verin Qukasyan”, 12 oktyabr 1956-cı il fərmanı ilə yenidən dəyişdirilərək “Qukasyan” qoyulmuşdur. 1990-cı ildə “Aşotsk” adlandırılmışdır.
Toponim “qırmızı” mənasında işlənən “qızıl” sözü ilə (qırmızı rəngdə olan suxur nəzərdə tutulur), “düşərgə, qərargah” mənasında işlənən “koş” (→qoç) sözünün birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir.
1987-ci ildən rayonun əzəli azərbaycanlı sakinləri yaşadıqları yerləri tərk etməyə məcbur edilmişlər. 1995-ci ildə isə rayon ləğv edilərək Ermənistanın Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.