Çubuxçu

Çubuxçu – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Qurduqulu (Hoktemberyan) rayonunda, hazırda isə Armavir vilayətində kənd. Vilayət mərkəzi Sərdarabad (Armavir) şəhərindən 18 km cənub-şərqdə, Araz çayının yaxınlığında, Böyük Qarasu çayının yanında, dəniz səviyyəsindən 840 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeyd olunmuşdur.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir. Ermənilər kəndə 1918–1920-ci illərdə Türkiyənin Sürməli vilayətinin kəndlərindən köçürülmüşdür.

Toponim “çubuxlu” türk etnoniminin fonetik forması olan çubuxçu tayfa adı əsasında əmələ gəlmişdir. “-lı” şəkilçisi ilə “-çı” şəkilçisi sinonim şəkilçilərdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4 aprel 1946-cı il tarixli fərmanı ilə adı dəyişdirilərək “Vardanaşen” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Armavir vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°03′ şm. e., 44°11′ ş. u.