Böyük Zeyvə

Böyük Zeyvə – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Üçkilsə (Eçmiədzin, Vağarşapat) rayonunda, hazırda isə Armavir vilayətində kənd. Eçmiədzindən 5,5 km cənub-qərbdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. Türkmənçay müqaviləsindən sonra kəndə 1828–1829-cu illərdə İranın Səlmas və Xoy vilayətlərindən və 1915–1916-cı illərdə Türkiyənin Ələşkirt vilayətindən köçürülüb gətirilən ermənilər yerləşdirilmişdir. Burada ermənilərlə yanaşı, 1897-ci ildə 29 nəfər azərbaycanlı yaşamışdır. Azərbaycanlılar XX əsrin əvvəllərində, 1905–1906-cı illərdə erməni silahlı birləşmələri tərəfindən sıxışdırılıb tarixi-etnik torpaqlarından qovulmuşdur. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.

Toponim Azərbaycan dilində fərqləndirici əlamət bildirən “böyük” sözü ilə ərəb dilində “guşə, künc, bucaq” mənasında işlənən “zaviyə” sözünün birləşməsindən əmələ gəlmişdir. Bu söz (zaviyə) islamiyyətlə əlaqədar olub fars dilindəki xanəgah sözü ilə sinonim münasibətindədir və “bir şeyx və ya mürşidin rəyasəti altında olan dərvişlərin yaşadıqları və ibadət etdikləri yer” anlamını verir. Səfəvilərin hakimiyyəti dövründə imtiyazlı zümrələr içərisində feodallardan sonra ikinci yeri ruhanilər tuturdu. Ruhanilərə hər vilayətdə şeyxülislamlar, vaizlər və nəhayət, dərviş malikanələrindəki (xanəgah və zaviyələrdəki) şeyxlər daxil idi. Ömürlərini ibadətlə keçirən ruhanilər, tərkidünyalar üçün bir küncdə, bucaqda, camaatdan kənarda tikilən evlər zaviyə adlanırdı və sonralar həmin yer yaşayış məntəqələrinə çevrilmişdi. Deməli, Zeyvə kəndləri, “zaviyə” sözünün əsasında formalaşmışdır. Digər tərəfdən bu bir daha göstərir ki, həmin ərazi Səfəvilərin hakimiyyəti altında olmuşdur.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il tarixli fərmanı ilə adı dəyişdirilərək “Arataşen” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°07′ şm. e., 44°13′ ş. u.