Ərtik rayonu 1930-cu il sentyabrın 9-da yaradılmışdır. Sahəsi 632 km² olan rayonun inzibati mərkəzi respublika tabeli Ərtik şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 122 km-dir.
Alagöz dağının böyük bir hissəsi və ən hündür zirvəsi (h. 4095 m) Ərtik rayonunun, digər hissələri isə Düzkənd və Talin rayonu ərazisinə düşür.
Rayonun ərazisi tarixi İrəvan xanlığının Şörəyel mahalına, Çar Rusiyası dövründə isə Aleksandropol qəzasına daxil olmuşdur.
Ermənilər toponimin erməni dilində kişi mənasında işlənən “ayr” sözü ilə fars dilində “yuxarı, yüksək” mənasında işlənən “tik” sözündən əmələ gəldiyini göstərirlər. Qeyd edilməlidir ki, “tik” fars sözü yox, əsl Azərbaycan sözüdür. Toponim qədim türk dilində “dağ keçidi”, “dağ, dağlıq” mənasında işlənən “art” sözünə “-ik” şəkilçisinin artırılması ilə düzəlmişdir. “-ik” şəkilçisi qədim türk dilində məkan anlayışı bildirən isimlərə də qoşulmuşdur. Ərtik dağlıq yerdə yerləşir. Deməli, oykonimin adı əraziyə uyğun verilmişdir.
1987-ci ildən rayonun əzəli azərbaycanlı sakinləri yaşadıqları yerləri tərk etməyə məcbur edilmişlər. 1995-ci ildə isə rayon ləğv edilərək Ermənistanın Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.