Ayarlı

Ayarlı – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Üçkilsə (Eçmiədzin, Vağarşapat) rayonunda, hazırda isə Armavir vilayətində kənd. Vilayət mərkəzi Sərdarabad (Armavir) şəhərindən 25 km şimal-şərqdə, Abaran çayının qolunun yanında, dəniz səviyyəsindən 975 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1831-ci ildə 38 nəfər, 1873-cü ildə 265 nəfər, 1886-cı ildə 252 nəfər, 1897-ci ildə 355 nəfər, 1904-cü ildə 353 nəfər, 1914-cü ildə 373 nəfər, 1916-cı ildə 339 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin sakinləri erməni təcavüzünə məruz qalaraq tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndiki Ermənistanla sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar ata-baba yurdlarına qayıda bilmişlər. Burada 1922-ci ildə 97 nəfər yalnız azərbaycanlı yaşamışdır. Onlar 1924–1925-cı illərdə sıxışdırılaraq kənddən çıxarılmış, onların yerinə ermənilər və kürdlər yerləşdirilmişlər. Hazırda kənddə ermənilər yaşayırlar.

Toponim “öz təşkilatı olan və varlılar hesabına kasıblara köməklik məqsədini güdən şəhər yoxsullarından ibarət təbəqə” mənasını bildirən ayarı sözü əsasında əmələ gələn ayarlı nəsil adı əsasında əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il tarixli fərmanı ilə adı dəyişdirilərək “Lernamerdz” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Armavir vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°15′ şm. e. 44°15′ ş. u.