Ağcaqala

Ağcaqala – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Üçkilsə (Eçmiədzin, Vağarşapat) rayonunda, hazırda isə Armavir vilayətində kənd. Vilayət mərkəzi Sərdarabad (Armavir) şəhərindən 19 km şimal-şərqdə, Alagöz dağının cənub-qərbində, dəniz səviyyəsindən 885 m hündürlükdə yerləşir. 1590-cı ildə tərtib edilmiş “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1828-ci ilə qədər yalnız azərbaycanlılar yaşamışdır. Bura ermənilər 1828–1820-cu illərdə İranın Maku vilayətindən köçürülmüşdür. Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 79 nəfər, 1873-cü ildə 38 nəfər, 1886-cı ildə 6 nəfər, 1897-ci ildə 31 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənddə yaşayan azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur.

Toponim Azərbaycan dilində sifətin çoxaltma dərəcəsinin morfoloji əlamətini bildirən “-ca” şəkilçisinin qəbul etmiş qədim türk dilində “kiçik, alçaq, çox da hündür olmayan” mənasında işlənən “ağ” sözü ilə qala sözünün birləşməsindən əmələ gəlib “kiçik, alçaq qala yanında olan kənd” mənasını ifadə edir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Tsaxqalanc” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Armavir vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°12′ şm. e., 44°13′ ş. u.