Aşağı Qulubəyli – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Üçkilsə (Eçmiədzin, Vağarşapat) rayonunda, hazırkı Armavir vilayəti ərazisində mövcud olmuş kənd. Böyük Qarasu çayının yaxınlığında yerləşirdi. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Kənddə 1873-cü ildə 298 nəfər, 1886-cı ildə 421 nəfər, 1897-ci ildə 501 nəfər, 1904-cü ildə 718 nəfər, 1916-cı ildə 550 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə erməni silahlı dəstələrinin təcavüzünə məruz qalaraq azərbaycanlılar tarixi-etnik torpaqlarından didərgin salınmışlar və kənddə Türkiyədən köçüb gələn yezidi kürdləri yerləşdirilmişdir. 1940-cı ildə kənd ləğv edilmişdir.
Toponim fərqləndirici əlamət bildirən aşağı sözü ilə Azərbaycan dilinə mənsub “-li” şəkilçisi qəbul etmiş Qulubəy şəxs adı əsasında əmələ gəlmişdir. “Qulubəyə mənsub kənd” mənasını ifadə edir.