5 fevral 1991
1918-ci ildə Azərbaycan Respublikasının ərazisi 114 min kv. kilometr olub. İndi isə 86 min kv. km-dir. Gör əlimizdən nə qədər torpaqlar gedib. Əsrlər boyu Vətən, torpaq anlayışı xalqımızın ləyaqətini, mənliyini, şərəfini əks etdirib. Xalq öz torpağının müqəddəsliyini qorumaq üçün onun uğrunda ölüm-dirim mübarizəsi aparıb. Ulu babalarımız Vətən torpağının hər bir qarışını namus simvolu kimi qoruyub, onun yolunda canlarını və övladlarını qurban verməkdən belə çəkinməyiblər. Təəssüf ki, biz bu ənənələri unuduruq. Buna artıq dözmək olmaz. Ona görə də təklif edirəm ki, bir Dağlıq Qarabağ məsələsi yox, bütün 1920-ci ildən indiyədək Azərbaycan ərazisindən Ermənistana verilmiş torpaqların hamısının haqq-hesabı aparılsın. Hansı dövrdə, hansı sərhəd sahəsində, hansı torpaqlar verilib? Bu torpaqların hansı qərarlarla, kim tərəfindən verilməsi müəyyən olunsun. Və biz Ermənistana qarşı artıq müdafiə mövqeyində yox, hücum mövqeyində duraq və burada deputatların dediyi kimi, o torpaqların geri qaytarılması üçün mübarizə aparaq. İndi biz mübarizəyə keçməliyik və mən də bu mübarizəyə hazıram. Əgər deputatlar razı olarsa, bizim sessiyamız Ermənistanı təcavüzkar dövlət adlandırmalıdır. Biz bu barədə xüsusi qərar çıxarmalı və onu bütün dünyaya bəyan etməliyik. Soruşdular ki, o torpaqları kim verib? Mən təklif edirəm ki, aydınlaşdırılsın. Eyni zamanda arayış verə bilərəm ki, 1969-cu il 14 iyuldan (mən başa düşdüm, o sualı mənə niyə verdilər), Azərbaycana rəhbərlik etdiyim dövrdən, 1982-ci ilin dekabrına qədər Azərbaycan ərazisindən bir qarış da olsa, Ermənistana torpaq verilməyib. Mən buna cavab verirəm və özümü çox xoşbəxt hesab edirəm ki, o dövrdə ermənilərin torpaq iddialarının qarşısını ala bildik.