Yengicə

Yengicə – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Zəngibasar (Masis) rayonunda, hazırda isə Ararat vilayətində kənd. Vilayət mərkəzi Qəmərli (Artaşat) şəhərindən 25 km şimal-qərbdə, dəniz səviyyəsindən 855 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin dəftəri”ndə Yenicə kimi, Qafqazın beşverstlik xəritəsində Yengicə formasında qeydə alınmışdır. Zəngibasar rayonu təşkil edilənədək Qəmərli (Artaşat) rayonunun tərkibində olmuşdur.

Kənddə 1897-ci ildə 27 nəfər, 1908-ci ildə 75 nəfər, 1914-cü ildə 90 nəfər, 1916-cı ildə 46 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin soyqırımına məruz qalaraq deportasiya olunmuş və bura Türkiyədən köçürülüb gətirilən ermənilər yerləşdirilmişdir. Yalnız indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar öz yurdlarına qayıda bilmişdilər. Burada ermənilərlə yanaşı, 1922-ci ildə 20 nəfər azərbaycanlı yaşamışdır. 1924–1925-ci illərdə azərbaycanlılar yenidən kənddən qovulmuşlar. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.

Toponim “təzə” mənasında işlənən “yengi” sözünə çoxaltma dərəcəsini əmələ gətirən “-cə” şəkilçisinin artırılması ilə düzəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il tarixli fərmanı ilə adı dəyişdirilərək “Norabats” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°06′ şm. e., 44°25′ ş. u.