Xarratlı – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Zəngibasar (Masis) rayonunda, hazırda isə Ararat vilayətində kənd. Vilayət mərkəzi Qəmərli (Artaşat) şəhərindən 16 km şimal-qərbdə, dəniz səviyyəsindən 830 m hündürlükdə yerləşir. Zəngibasar rayonu təşkil edilənə qədər (14 yanvar 1969) Qəmərli (Artaşat) rayonunun tərkibində olmuşdur. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Kənddə 1831-ci ildə 183 nəfər, 1873-cü ildə 303 nəfər, 1886-cı ildə 245 nəfər, 1897-ci ildə 202 nəfər,1908-ci ildə 373 nəfər, 1914-cü ildə 571 nəfər, 1916-cı ildə 192 nəfər, 1918-ci ildə 496 nəfər, 1919-cu ildə 160 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919-cu ilin payızında azərbaycanlılar erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq deportasiya olunmuşlar. Yalnız indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılardan sağ qalanlar öz kəndlərinə qayıda bilmişdilər. Burada 1922-ci ildə 61 nəfər azərbaycanlı, 1926-cı ildə 102 nəfər azərbaycanlı, 62 erməni, 1931-ci ildə 136 nəfər azərbaycanlı, 59 erməni yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin əhalisi zorla Azərbaycana deportasiya edilmişdir. İran, Türkiyə və Livandan köçürülüb gətirilən ermənilər burada yerləşdirilmişlər. Hazırda kənddə ermənilər yaşayırlar.
Toponim sənət bildirən xaratlı türk tayfa adı əsasında əmələ gəlmişdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il tarixli fərmanı ilə adı dəyişdirilərək “Arevabuyr” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°02′ şm. e., 44°28′ ş. u.