Cəbəcəli – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Zəngibasar (Masis) rayonunda, hazırda isə Ararat vilayətində kənd. Vilayət mərkəzi Qəmərli (Artaşat) şəhərindən 18 km şimal-qərbdə, dəniz səviyyəsindən 830 m hündürlükdə yerləşir. Keçmiş Zəngibasar rayonu təşkil edilənədək keçmiş Qəmərli (Artaşat) rayonunun tərkibində olmuşdur. 1590-cı ildə tərtib edilmiş “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. Mənbələrdə kəndin adı Cəbəçəlli şəklində də göstərilir.
Kənddə 1831-ci ildə 275 nəfər, 1873-cü ildə 252 nəfər, 1886-cı ildə 254 nəfər, 1897-ci ildə 264 nəfər, 1904-cü ildə 355 nəfər, 1914-cü ildə 575 nəfər, 1918-ci ildə 355 nəfər, 1919-cu ildə 240 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918–1919-cu illərdə kənd erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalmış və sakinləri – azərbaycanlılar 1919-cu ildə tamamilə deportasiya olunmuş, Türkiyədən köçürülüb gətirilən ermənilər burada yerləşdirilmişlər. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılardan sağ qalanlar öz kəndlərinə qayıda bilmişdilər. Burada ermənilərlə yanaşı 1922-ci ildə 101 nəfər, 1926-cı ildə 115 nəfər, 1931-ci ildə 131 nəfər azərbaycanlı yaşamışdır. SSRİ hökumətinin xüsusi qərarı ilə azərbaycanlılar 1948–1949-cu illərdə tarixi-etnik torpaqlarından deportasiya edilərək Azərbaycana köçürülmüş və xaricdən köçürülüb gətirilən ermənilər burada yerləşdirilmişlər. Hazırda burada ermənilər yaşayırlar.
Toponim qapıqulu türk tayfasına mənsub olan cəbəçi nəsil adına mənsubluq bildirən “-li” şəkilçisinin qoşulmasından əmələ gəlmişdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 27 fevral 1960-cı il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Crahovid” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°02′ şm. e., 44°28′ ş. u.