Kolanlı

Kolanlı – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Zəngibasar (Masis) rayonunun, hazırkı Ararat vilayətinin ərazisində mövcud olmuş kənd. 1937-ci ilə kimi keçmiş Üçkilsə (Eçmiədzin, Vağarşapat) rayonunun tərkibinə daxil olmuşdur. Kəndin digər adı “Kolanlı Aralıq”dır.

Kənddə 1831-ci ildə 284 nəfər, 1873-cü ildə 673 nəfər, 1886-cı il də 701 nəfər, 1897-ci ildə 886 nəfər, 1904-cü ildə 768 nəfər, 1914-cü ildə 887 nəfər, 1918-ci ildə 768 nəfər, 1919-cu ildə 1118 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919-cü ilin sonlarında azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlara məruz qoyulmaqla kənddən qovulmuşlar. İran və Türkiyədən köçürülən ermənilər kənddə yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar öz yurdlarına qayıda bilmişdilər. Burada ermənilərlə yanaşı, 1922-ci ildə 224 nəfər, 1926-cı ildə 248 nəfər, 1931-ci ildə 294 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edildikdən sonra kənd ləğv edilmişdir.

Toponim kolani türk etnoniminə mənsubluq bildirən “-lı” şəkilçisi artırmaqla əmələ gəlib “kolanı tayfasına məxsus yer” mənasını bildirir.