Haşım bəy Nərimanbəyov 1859-cu ildə anadan olmuşdur. 1882-ci ildə Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasını bitirən Haşım bəy Nəriman bəy oğlu Nərimanbəyov 1896-cı il oktyabrın 21-də İrəvanda rus-tatar (Azərbaycan) məktəbi açmışdır. İlk dəfə məktəbə nəzərdə tutulan 70 şagird əvəzinə 110 şagird qəbul edilmişdi. Rusiya Xalq Maarif Nazirliyi tərəfindən təsdiq edilən Məktəbin tədris planına Azərbaycan, rus, fars, ərəb dilləri, şəriət və hesab daxil idi. Rus-tatar (Azərbaycan) məktəbini təsis edən komissiyanın tərkibinə Abbasqulu xan İrəvanski (sədr), İrəvan gimnaziyasının Azərbaycan dili müəllimi İsmayıl bəy Şəfibəyov, İrəvan Müəllimlər Seminariyasının Azərbaycan dili müəllimi Rəhim Xəlilov və başqaları daxil idi. İrəvan ziyalıları məktəbə tez-tez kömək edirdilər. Şəhər teatr həvəskarları tez-tez tamaşalar göstərərək, toplanan vəsaiti Rus-Azərbaycan məktəbinin nəfinə verirdilər. İrəvan quberniya məscidi də məktəbə maddi yardım edirdi.
1899-cu ildə H.Nərimanbəyovun təşəbbüsü ilə onun məktəbinin nəzdində yaşlı müsəlmanlar üçün axşam kursları açılmışdı. Orada rus dili, hesabdan dörd əməli və ana dili dərsləri keçilirdi. Rus dili və hesabı H.Nərimanbəyovun özü, ana dilini isə Mirzə Məmmədvəli Qəmərlinski keçirdi.
“İrəvan quberniyasının 1906-cı il üçün yaddaş kitabçası”nda göstərilir ki, rus-tatar ibtidai məktəbinin himayəçisi Abbasqulu xan İrəvanski, müdiri Haşım bəy Nərimanbəyov, müəllimləri Həmid ağa Şahtaxtinski, Mustafa Rəcəbov, şəriət müəllimləri Məmməd Qazıyev və Mirzə Məmmədvəli Qəmərlinskidirlər. Həmin seriyanın 1914-cü il buraxılışında İrəvan ikisinifli rus-tatar oğlanlar ibtidai məktəbinin müdiri Haşım bəy Nərimanbəyovun, müəllimlərinin isə Yevsyukov, Məmmədvəli Qəmərlinski və Vasilyev, şəriət müəlliminin Axund Abdulla Qazıyevin olduqları göstərilmişdir.
Sovet hakimiyyətinin ilk illərində İrəvan şəhərində keçmiş Haşım bəy Nərimanbəyovun məktəbinin bazasında fəaliyyət göstərən Məşədi Əzizbəyov adına məktəbi irəvanlılar Haşım bəyin məktəbi adlandırırdılar.