Qaladibi

Qaladibi – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Qəmərli (Artaşat) rayonunun, hazırkı Ararat vilayətinin ərazisində mövcud olmuş kənd. Dəvəgözü çayının yaxınlığında yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. 1930-cu illərdə keçmiş Vedi (Ararat) rayonunun tabeliyində olmuşdur.

Kənddə 1873-cü ildə 155 nəfər, 1886-cı ildə 221 nəfər, 1897-ci ildə 300 nəfər, 1904-cü ildə 242 nəfər, 1914-cü ildə 399 nəfər, 1916-cı ildə isə 428 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna məruz qalmış və kənddən qovulmuşlar. Yalnız indiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılar öz kəndlərinə qayıda bilmişdilər. Burada 1922-ci ildə 126 nəfər, 1926-cı ildə 130 nəfər, 1931-ci ildə 189 nəfər, 1939-cu ildə isə 387 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edildikdən sonra kənd 1950-ci ildə ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim iki sözün: “qala “və “bir yerin ən uzaq, ən dərin yeri” mənasında işlənən “dib” sözünün birləşməsindən ibarətdir.