Yuxarı Ağbaş – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Qəmərli (Artaşat) rayonunda, hazırda isə Ararat vilayətində kənd. Kəndin digər adı “Xaraba Ağbaş”dır. Vilayət mərkəzi Qəmərli (Artaşat) şəhərindən 13 km şimalda, dəniz səviyyəsindən 960 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Kənddə 1873-cü ildə 91 nəfər, 1886-cı ildə 89 nəfər, 1897-ci ildə 183 nəfər, 1904-cü ildə 132 nəfər, 1914-cü ildə 172 nəfər, 1916-cı ildə isə 200 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin törətdikləri soyqırımına məruz qalaraq kənddən deportasiya olunmuş, bura xaricdən köçürülüb gətirilən ermənilər yerləşdirilmişlər. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar kəndə qayıda bilmişdilər. Burada ermənilərlə yanaşı, 1922-ci ildə 113 nəfər, 1926-cı ildə 117 nəfər, 1931-ci ildə 89 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən 1948–1949-cu illərdə azərbaycanlılar deportasiya olunaraq Azərbaycana köçürülmüşdür. Hazırda burada yalnız ermənilər yaşayırlar.
Toponim fərqləndirici əlamət bildirən “yuxarı” sözü ilə türk mənşəli “ağbaş” etnonimi əsasında əmələ gəlmişdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 1 dekabr 1949-cu il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Abovyan” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°02′ şm. e., 44°32′ ş. u.