Yuva – İrəvan quberniayasının İrəvan qəzasında, sonralar keçmiş Qəmərli (Artaşat) rayonunda, hazırda isə Ararat vilayətində kənd. Vilayət mərkəzi Qəmərli (Artaşat) şəhərindən 2-3 km cənub-şərqdə, Gərni və Vedi çaylarından axan arxın yanında, 830 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Kənddə 1828-ci ilə kimi yalnız azərbaycanlı yaşamışdır 1828–1830-cu illərdə İranın Xoy, Səlmas əyalətlərindən ermənilər köçürülüb kənddə yerləşdirilmişlər. Ermənilərlə yanaşı, kənddə 1831-ci ildə 33 nəfər, 1873-cü ildə 186 nəfər, 1886-cı ildə 161 nəfər, 1897-ci ildə isə 60 nəfər azərbaycanlı yaşamışdır. 1905–1906-cı illərdə kəndin azərbaycanlı əhalisi erməni silahlılarının soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. Hazırda burada yalnız ermənilər yaşayırlar.
Toponim “ivə//yıva” (→yuva) oğuz tayfasının adı əsasında əmələ gəlmişdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 19 aprel 1950-ci il tarixli fərmanı ilə adı dəyişdirilərək “Şaumyan” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°12′ şm. e., 44°17′ ş. u.