Yamancalı

Yamancalı – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Qəmərli (Artaşat) rayonunda, hazırda isə Ararat vilayətində kənd. Vilayət mərkəzi Qəmərli (Artaşat) şəhərindən 10 km şimalda, İnəkli kəndinin yanında, dəniz səviyyəsindən 895 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə “Yamanclı” kimi qeydə alınmışdır.

Erməni ədəbiyyatında kəndin 1897-ci ildə salındığı göstərilmiş və əhalinin sayının da 1897-ci ildən hesablanmışdır. Lakin bu, həqiqətləri əks etdirmir. Hələ 1728-ci il tarixli “İrəvan əyalətinin icmal dəftəri”ndə kəndin adı Karni və Vedi nahiyələrinə daxil olan kəndlərin tərkibində “Yamanclı” formasında əksini tapmışdır və kəndin gəliri 5.000 ağçadan ibarət olmuşdur.

Kənddə 1831-ci ildə 137 nəfər, 1873-cü ildə 214 nəfər, 1886-cı ildə 199 nəfər, 1897-ci ildə 257 nəfər, 1908-ci ildə 272 nəfər, 1914-cü ildə 300 nəfər, 1916-cı ildə 280 nəfər, 1918-ci ilin yanvarında 763 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ilin fevral ayında azərbaycanlılar erməni silahlı birləşmələrinin soyqırımına məruz qalaraq kənddən deportasiya olunmuş, bura Türkiyədən köçürülüb gətirilən ermənilər yerləşdirilmişlər. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan kənd sakinləri öz yurdlarına qayıda bilmişdilər. Burada 1922-ci ildə 53 nəfər, 1926-cı ildə 67 nəfər, 1931-ci ildə 66 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən azərbaycanlılar 1948–1953-cü illərdə Azərbaycana köçürülmüşdür. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.

Toponim yamancalı türk mənşəli tayfa adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 may 1967-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Değcut” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°01′ şm. e., 44°32′ ş. u.