Toxanşalı – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Qəmərli (Artaşat) rayonunda, hazırda isə Ararat vilayətində kənd. Vilayət mərkəzi Qəmərli (Artaşat) şəhərindən 3 km şimal-qərbdə, dəniz səviyyəsindən 840 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə “Toğanşahlı”, erməni müəlliflərinin əsərlərində “Toxanşahlı” formalarında qeydə alınmışdır.
Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi tədricən kəndi tərk etmişdir. Ermənilər kəndə İranın Xoy və Səlmas vilayətlərindən köçürülüb yerləşdirilmişdir.
Toponim türk dilində “böyük arx”, “dəhnə, bənd” mənasında işlənən “toqan” sözü ilə “şahılı” (→ şahlı) etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 20 avqust 1945-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Masis” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°04′ şm. e., 44°26′ ş. u.