Torpaqqala – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Qəmərli (Artaşat) rayonunda, hazırda isə Ararat vilayətində kənd. Vilayət mərkəzi Qəmərli (Artaşat) şəhərindən 8 km məsafədə, dəniz səviyəsindən 875 m hündürlükdə yerləşir. Erməni müəlliflərinin əsərlərində kəndin adı Topraxqala kimi qeyd edilir. Qəmərli (Artaşat) yaşayış məntəqəsindən 8 km şimal-şərqdə yerləşir.
Kənddə 1831-ci ildə 40 nəfər, 1873-cü ildə 246 nəfər, 1886-cı ildə 268 nəfər, 1897-ci ildə 303 nəfər, 1908-ci ildə 415 nəfər, 1914-cü ildə 456 nəfər, 1916-cı ildə 372 nəfər, 1918-ci ilin yanvarında 415 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ilin martında azərbaycanlılar erməni silahlı birləşmələrinin soyqırımına məruz qalaraq kənddən deportasiya olunmuşlar. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan kənd sakinləri öz yurdlarına qayıda bilmişdilər. 1922-ci ildə 98 nəfər, 1926-cı ildə 163 nəfər, 1931-ci ildə 197 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edilmişdir. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.
Toponim Azərbaycan dilində “ölkə”, “ərazi” mənasında işlənən “torpaq” sözü ilə “qala” sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 1 dekabr 1949-cu il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Hnaberd” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°00′ şm. e., 44°34′ ş. u.