Qaradağlı

Qaradağlı – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Qəmərli (Artaşat) rayonunda, Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Əştərək (Aştarak) şəhərindən 16 km şimal-qərbdə, dəniz səviyyəsindən 1950 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə tarixən azərbaycanlılar yaşamışlar. Bura ermənilər 1828–1830-cu illərdə İranın Xoy və Səlmas əyalətlərindən, 1829-cu ildə Türkiyənin Ələşkirt, Diadin, 1870-ci ildə Muş və Sasun vilayətlərindən köçürülüb yerləşdirilmişlər. Kənddə ermənilərlə yanaşı, 1831-ci ildə 128 nəfər, 1873-cü ildə 331 nəfər, 1886-cı ildə 286 nəfər, 1897-ci ildə 364 nəfər, 1919-cu ildə 360 nəfər azərbaycanlı yaşamışdır. 1919-cu ilin axırlarında azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna məruz qalaraq qovulmuşlar. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan kənd sakinləri öz yurdlarına qayıda bilmişdilər. Burada 1922-ci ildə 152 nəfər, 1926-cı ildə 163 nəfər, 1931-ci ildə 105 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edilmişdir. Hazırda burada yalnız ermənilər yaşayırlar.

Toponim qızılbaşların qaradağlı tayfasının adı əsasında əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 20 avqust 1945-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Tsaxkaşen”, 20 oktyabr 1967-ci il tarixli fərmanı ilə yenidən dəyişdirilərək “Mrqavet” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°01′ şm. e., 44°28′ ş. u.