Gödəkli

Gödəkli – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Qəmərli (Artaşat) rayonunda, hazırda isə Ararat vilayətində kənd. Kəndin digər adı erməni müəlliflərinin əsərlərində “Göydağlı”, “Kiçik Dəlilər” formasında göstərilir. Vilayət mərkəzi Qəmərli (Artaşat) şəhərindən 9 km şimal-qərbdə, dəniz səviyyəsindən 845 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi kəndi tərk etmişdir. Ermənilər kəndə 1828–1829-cu illərdə İranın Xoy və Səlmas vilayətlərindən köçürülüb yerləşdirilmişdir.

Toponim qazaxlar türk tayfasına mənsub olan “gödəkli” etnonimi əsasında formalaşmışdır.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 20 avqust 1945-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Mrqavet” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°57′ şm. e., 44°32′ ş. u.