Becəyəzli (Bekciqazlı) – İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Qəmərli (Artaşat) rayonunda, hazırda isə Ararat vilayətində kənd. Qəmərli (Artaşat) şəhərindən 500 m şimal-şərqdə, dəniz səviyyəsindən 835 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində “Bekciqazlu” formasında qeydə alınmışdır. Kəndin adı “Becazlı” formasında sabitləşmişdir.
Tarixən burada yalnız azərbaycanlılar yaşamışlar. Ermənilər bura 1829–1830-cu illərdə İranın Xoy və Səlmas bölgələrindən köçürülmüşdür. Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 102 nəfər, 1873-cü ildə 22 nəfər, 1886-cı ildə 19 nəfər, 1897-ci ildə 10 nəfər azərbaycanlı yaşamışdır. 1905–1906-cı illərdə azərbaycanlılar erməni silahlı birləşmələrinin törətdikləri soyqırımına məruz qalaraq qırğınlarla deportasiya olunmuşlar. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra 1920–1924-cü illərdə sağ qalan azərbaycanlılar öz kəndlərinə qayıda bilmişdilər. Burada 1926-cı ildə 15 nəfər, 1931-ci illərdə 11 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən azərbaycanlılar 1948-ci ildə zorla Azərbaycana köçürülmüşdür. Hazırda burada yalnız ermənilər yaşayırlar.
Toponim qədim türk dilində “möhkəm”, “bərk” mənasında işlənən “bek” sözü ilə “qaz” (kas) türk etnoniminin birləşməsindən əmələ gəlmişdir. Toponim sonundakı “-lı” mənsubluq bildirən şəkilçidir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 20 iyul 1945-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Vostan” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 39°57′ şm. e., 44°33′ ş. u.