Başnalı

Başnalı – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Qəmərli (Artaşat) rayonunda, hazırda isə Ararat vilayətində kənd. Vilayət mərkəzi Qəmərli (Artaşat) şəhərindən 4 km şimal-qərbdə, dəniz səviyyəsindən 850 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə tarixən yalnız azərbaycanlılar yaşamışlar. 1829–1832-ci illərdə İranın Xoy və Səlmas bölgələrindən ermənilər köçürülüb burada yerləşdirilmişdir. Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 30 nəfər, 1873-cü ildə 85 nəfər, 1886-cı ildə 56 nəfər, 1897-ci ildə 70 nəfər, 1904-cü ildə 85 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ilin martında azərbaycanlılar erməni bolşevik birləşmələrinin soyqırımına məruz qalaraq kənddən deportasiya olunmuşlar. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra kəndin sağ qalan sakinləri öz yurdlarına qayıda bilmişdilər. Burada 1922-ci ildə 14 nəfər, 1926-cı ildə 10 nəfər, 1931-ci ildə 7 nəfər azərbaycanlı yaşamışdır. 1940-cı illərdə azərbaycanlılar Ermənistandan tamamilə qovulmuşlar. Hazırda burada yalnız ermənilər yaşayırlar.

Toponim türkmənşəli başnalı tayfasının adı əsasında əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 1 dekabr 1949-cu il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Bağramyan” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°58′ şm. e., 44°31′ ş. u.