Alpava

Alpava – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Qəmərli (Artaşat) rayonunda, hazırda isə Ararat vilayətində kənd. Vilayət mərkəzi Qəmərli (Artaşat) şəhərindən 9 km şimalda, Gərnibasar çayının sağ sahilində, dəniz səviyyəsindən 880 m hündürlükdə yerləşir. Erməni müəlliflərinin əsərlərində “Arpavar” formasında qeyd edilir. “İrəvan əyalətinin icmal dəftəri”ndə “Alpevi”, “Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti”ndə “Albava”, “Alpava”, “Alpavan” formalarında göstərilmişdir.

Kənddə 1831-ci ildə 35 nəfər, 1873-cü ildə 97 nəfər, 1886-cı ildə 121 nəfər, 1897-ci ildə 127 nəfər, 1904-cü ildə 188 nəfər, 1914-cü ildə 305 nəfər, 1916-cı ildə isə 161 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuş və kəndə xaricdən köçürülüb gətirilən ermənilər yerləşdirilmişlər. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar öz kəndlərinə qayıda bilmişdilər. Burada ermənilərlə yanaşı 1922-ci ildə 31 nəfər, 1926-cı ildə 30 nəfər, 1931-ci ildə 51 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən azərbaycanlılar 1948–1949-cu illərdə Azərbaycana köçürülmüş və kənd tam erməniləşdirilmişdir.

Toponim qədim türk dilində “igid, qoçaq, cəsur” mənalarında işlənən “alp” sözü ilə türk dilində “düzənlik, geniş yer”, “dərə, vadi” mənasında işlənən “ova” sözünün fonetik variantı olan “ava” sözünün birləşməsindən əmələ gəlib “igidlərin, qoçaqların məskəni, yurdu, düzənlik, vadi” mənasını ifadə edir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 20 avqust 1945-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Lusakert”, 21 oktyabr 1967-cı il tarixli fərmanı ilə yenidən dəyişdirilərək “Nşavan” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°01′ şm. e., 44°31′ ş. u.