Tərəkəmələr – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Vedi (Ararat) rayonunun, hazırkı Ararat vilayətinin ərazisində mövcud olmuş kənd. Böyük Vedi yaşayış məntəqəsindən 28-30 km şimal-şərqdə yerləşirdi. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Kənddə 1873-cü ildə 32 nəfər, 1886-cı ildə 46 nəfər, 1897-ci ildə 35 nəfər, 1904-cü ildə 50 nəfər, 1914 ildə 83 nəfər, 1916-cı ildə 49 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qalaraq kənddən didərgin salınmışlar. Bundan sonra kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.
Toponim azərbaycanlıların etnogenizində iştirak etmiş türkdilli “tərəkəmələr” etnonimi əsasında yaranmışdır.