Gorus

Gorus rayonu 1930-cu il sentyabrın 9-da yaradılmışdır. Sahəsi 752 km² olan rayonun mərkəzi respublika tabeli Gorus şəhəri olmuşdur. Buradan İrəvan şəhərinə olan məsafə 250 km-dir. Bazarçay çayı Gorus rayonunun ərazisini kəsib keçir. Böyük İşıqlı dağının bir hissəsi və Üçtəpə dağı (h.2124 m) da rayon ərazisinə düşür.

Rayonun ərazisi tarixi İrəvan xanlığının Zəngəzur mahalına, Çar Rusiyası dövründə isə Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasına daxil olmuşdur.

Toponim “gorus” (qoros, xoros) türk etnonimi əsasında əmələ gəlmişdir. Erməni dilindəki rəsmi sənədlərdə buranın adı təhrif edilərək “Qoris” kimi yazılır.

1987-ci ildən rayonun əzəli azərbaycanlı sakinləri yaşadıqları yerləri tərk etməyə məcbur edilmişlər. 1995-ci ildə isə rayon ləğv edilərək Ermənistanın Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.