İnqala – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Vedi (Ararat) rayonunun, hazırkı Ararat vilayətinin ərazisində mövcud olmuş kənd. Böyük Vedi (Ararat) qəsəbəsindən 22-24 km şimal-şərqdə, Vediçayın sol sahilində yerləşmişdir.
Kənddə 1886-cı ildə 113 nəfər, 1897-ci ildə 124 nəfər, 1916-cı ildə 161 nəfər azərbaycanlı yaşamışdır. 1918–1919-cu ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin törətdikləri qırğınlar nəticəsində kəndi tərk etmək məcburiyyətində qalmış, əhalisi bir müddət İran ərazisində sığınacaq tapmışdır. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra sağ qalanlar öz doğma kəndlərinə qayıda bilmişdilər. 1926-cı ildə burada 30 nəfər, 1931-ci ildə 33 nəfər, 1939-cu ildə 127 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edilmişdir. Sonradan kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.
Toponim qədim türk dilində “daxma”, “koma”, “mağara” mənasında işlənən “in” sözü ilə “qala” sözünün birləşməsindən əmələ gəlmişdir.