Daşkörpü – keçmiş Qars vilayətinin Qars qəzasının Ağbaba nahiyəsində, sonralar keçmiş Amasiya (Ağbaba) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Rayon mərkəzindən 2 km məsafədə, vilayət mərkəzi Gümrü şəhərindən 25 km şimal-qərbdə, dəniz səviyyəsindən 200 m yüksəklikdə yerləşir.
Kənddə ancaq azərbaycanlılar yaşamışlar. 1886-cı ildə kənddə 246, 1908-ci ildə 396, 1914-cü ildə 431 nəfər azərbaycanlı yaşamışdır. Kənd 1918–1919-cu illərdə Qarsda qurulan Cənub-Qərbi Qafqaz Cümhuriyyətinin tərkibində olmuşdur. 1920-ci ilin fevral ayında erməni silahlı dəstələrinin hücumu nəticəsində kənd dağıdılmış, əhalisi isə Qars vilayətinin kəndlərinə köç etmişdir. 1921-ci il Qars müqaviləsi ilə kənd Ağbaba nahiyəsinin tərkibində Sovet Ermənistanına daxil edilmişdir. Bundan sonra kəndin əhalisinin bir qismi kəndə qayıtmışdır. Kənddə 1922-ci ildə 220, 1931-ci ildə 303 nəfər azərbaycanlılar yaşamışdır. SSRİ Nazirlər Sovetinin “Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycanın Kür-Araz ovalığına köçürülməsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən Daşkörpünün əhalisi 1950-ci ildə Gümrüdə yük vaqonlarına doldurularaq Azərbaycana deportasiya edilmişlər. 1953-cü ildə İ.Stalinin vəfatından sonra Daşkörpünün əhalisinin bir qismi kəndə qayıda bilmişdilər. 1988-ci ildə kənddə 125 təsərrüfatda 680 nəfər azərbaycanlı yaşamışdır ki, onlar da 1988-ci il soyqırımı zamanı doğma yurdlarından qovulub çıxarılmışlar. Hazırda Daşkörpü kəndi Amasiya kənd icmasına birləşdirilmişdir.
Toponim kəndin ərazisində daşdan salınan körpüyə əsasən formalaşmışdır.
Coğrafi koordinatları: 40°56′ şm. e., 43°46′ ş. u.