Reyhanlı

Reyhanlı – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Zəngibasar (Masis) rayonunda, indi Ararat vilayətində kənd.

Kənddə yalnız azərbaycanlılar yaşamışlar. 1832-ci ildə kənddə 80, 1873-cü ildə 277, 1886-cı ildə 308 nəfər, 1905-ci ildə 405, 1914-cü ildə 599 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə Zəngibasar mahalının başqa kəndləri kimi, Reyhanlı kəndi də erməni-daşnak təcavüzünə məruz qalmış, kənd dağıdılmış, talan edilmiş, yandırılmış, əhalisinin bir hissəsi ermənilər tərəfindən qətlə yetirilmiş, sağ qalanlar didərgin salınmışlar. Sovet hakimiyyətinin ilk illərində kəndə qayıtmaq imkanı qazanmış reyhanlılar onu yenidən bərpa etmişlər. 1931-ci ildə kənddə cəmi 133 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin “Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycanın Kür-Araz ovalığına köçürülməsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən Reyhanlının əhalisi 1950-ci ildə Uluxanlı stansiyasında yük vaqonlarına doldurularaq Azərbaycana deportasiya edilmişlər. 1953-cü ildə İ.Stalinin vəfatından sonra Reyhanlının əhalisinin bir qismi kəndə qayıda bilmişdir. Lakin bu vaxt Reyhanlı bir kənd kimi ləğv edilmiş, adamlar öz kəndlərində yaşasalar da, əslində Həbilkənd (Kalinin) qəsəbəsinin sakinləri sayılmışlar. Kənd əhalisinin sonrakı taleyi isə 1988-ci il soyqırımı ilə nəticələnmiş, onlar öz ata-baba yurdlarından növbəti dəfə zorakılıqla qovulmuşlar.

Coğrafi koordinatları: 40°01′ şm. e., 44°25′ ş. u.