Şidli

Şidli – keçmiş İrəvan quberniyasının İrəvan qəzasının Vedibasar mahalında, sonralar keçmiş Vedi (Ararat) rayonunda, hazırda isə Ararat vilayətində kənd. Vilayət mərkəzi Qəmərli (Artaşat) şəhərindən 12 km cənub-şərqdə, Araz çayının sol sahilində, dəniz səviyyəsindən 810 m hündürlükdə yerləşir. Kəndin adı Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1831-ci ildə 263 nəfər, 1873-cü ildə 806 nəfər 1886-cı ildə 823 nəfər, 1897-ci ildə 992 nəfər, 1904-cü ildə 77 nəfər, 1914-cü ildə 855 nəfər, 1916-cı ildə 842 nəfər azərbaycanlı yaşamışdır. 1919-cu ildə azərbaycanlılar erməni silahlı birləşmələri tərəfindən qırğınlarla qovulmuşlar. Əhalisi bir müddət İran ərazisində sığınacaq tapmışdır. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra kəndin sakinləri doğma yurdlarına dönmüşdür. 1922-ci ildə 571 nəfər, 1926-cı ildə 60 nəfər, 1931-ci ildə 470 nəfər, 1972-ci ildə 1357 nəfər, 1987-ci ildə 2000 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tamamilə öz kəndlərindən qovulmuşdur. Hazırda kənddə yalnız ermənilər yaşayır.

“Şidli” toponimi xəzərlərdə hərbi titul mənasında işlənən “şad” sözünə mənsubluq bildirən “-lı” şəkilçisinin artırılması yolu ilə əmələ gələn “şadlı” sözü əsasında formalaşıb. “Şidli” kimi sabitləşmiş və etnonimə çevrilmişdir.

Ermənistan prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilib “Yexeqnavan” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°49′ şm. e., 44°38′ ş. u.