Birəli

Birəli – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Vedi (Ararat) rayonunda, hazırda isə Ararat vilayətində kənd. Vilayət mərkəzi Qəmərli (Artaşat) şəhərindən 43 km cənub-şərqdə, dəniz səviyyəsindən 1815 m hündürlükdə yerləşir.

Kəndin başqa adı “Pirli” olmuşdur. 1590-cı il tarixli “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə “Pirilər” formasında, 1728-ci ildə tərtib edilmiş “İrəvan əyalətinin icmal dəftəri” ndə “Yuxarı Pirli”, Qafqazın beşverstlik xəritəsində “Birəli” kimi qeyd edilmişdir.

“Birəli” toponimi “Pirilər//Pirli” toponiminin dəyişdirilmiş formasıdır. Kəndin qədim adının “Pirilər//Pirli” olmasına istinad edərək bu qənaətə gəlmək olar ki, toponim “pirilər//pirli” etnonimi əsasında əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 iyul 1968-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilib “Lancar” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°49′ şm. e., 44°59′ ş. u.