Nüvədi

Nüvədi – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Mehri (Meğri) rayonunda, hazırda isə Sünik vilayətində kənd. Vilayət mərkəzi Qafan şəhərindən 99 km cənubda, dəniz səviyyəsindən 625 m hündürlükdə yerləşir. 1929-cu ilədək Nüvədi kəndi Azərbaycanın Zəngilan rayonunun tərkibinə daxil olmuşdur. 1929-cu ildə Nüvədi kəndinin Ermənistanın keçmiş Meğri rayonuna verilməsi ilə bağlı Azərbaycan hökumətinin rəsmi qərarı 1969-cu ilin may ayında Azərbaycan SSR Ali Soveti tərəfindən təsdiq edilmişdir.

Kəndin adı 1590-cı ildə tərtib edilmiş “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə “Nüyədə” formalarında qeyd edilir. Yerli əhali isə kəndə “Nüyədi”, “Nüədi” deyirdilər.

Kənddə 1831-ci ildə 291 nəfər, 1873-ci ildə 705 nəfər, 1886-cı ildə 1083 nəfər, 1897-ci ildə 952 nəfər, 1904-cü ildə 771 nəfər, 1914-cü ildə 1072 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq sakinləri qırğınlarla ata-baba torpaqlarından deportasiya olunmuşdur. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalanlar öz evlərinə qayıda bilmişdir. Burada 1922-ci ildə 662 nəfər, 1926-cı ildə 480 nəfər, 1931-ci ildə 590 nəfər, 1939-cu ildə 618 nəfər, 1959-cu ildə 761 nəfər, 1970-ci ildə 1277 nəfər 1979-cu ildə 1539 nəfər, 1989-cu ildə 1344 nəfər yalnız azərbaycanlı yaşamışdır. Ermənistan dövlətinin xüsusi göstərişi ilə indiki Ermənistan ərazisində sonuncu azərbaycanlı kəndi olan Nüvədi kəndinin sakinləri 1991-ci il avqustun 8-də tarixi-etnik torpaqlarından deportasiya olunmuşlar. Hazırda burada yalnız ermənilər yaşayırlar.

Toponim “dağ ətəyində ovuq, çökək yer” mənasında işlənən “nüyək”, “nüək”, “nüyəx” “iki tərəfi qaya olan sahə” mənasında işlənən “nüy” sözünə fars dilində “kənd mənasında işlənən “deh” sözünün variantı olan “di” (→də) sözünün qoşulması yolu ilə əmələ gəlmişdir.

Ermənistan parlamentinin 4 iyul 2006-cı il tarixli qərarı ilə kəndin adı dəyişdirilərək “Nrnadzor” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 38°53′ şm. e., 46°28′ ş. u.