Maralzəmi

Maralzəmi – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Mehri (Meğri) rayonunda, hazırda isə Sünik vilayətində kənd. Vartanizor kəndindən 1 km şimalda, Mehri (Meğri, Mığrı) çayının sol sahilində, dəniz səviyyəsindən 1200 m hündürlükdə yerləşir. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir.

Kənddə 1831-ci ildə 18 nəfər, 1873-cü ildə 123 nəfər, 1886-cı ildə 174 nəfər, 1897-ci ildə 193 nəfər, 1904-cü ildə 951 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq sakinləri qırğınlarla deportasiya olunmuş, kəndə ermənilər yerləşdirilmişdir. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra kənddən qovulmuş azərbaycanlılar tarixi-etnik torpaqlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 28 nəfər, 1926-cı ildə 72 nəfər, 1931-ci ildə 98 nəfər, 1939-cu ildə 134 nəfər, 1959-cu ildə 161 nəfər, 1970-ci ildə 179 nəfər, 1979-cu ildə 178 nəfər, 1987-ci ildə 800 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşlar. Hazırda kənddə ermənilər yaşayırlar.

Toponim “maral” heyvan adı ilə fars dilində “əkin yeri, tarla” mənasında işlənən “zəmi” sözünün birləşməsindən əmələ gəlmişdir.

Kəndin adı dəyişdirilərək əvvəlcə “Verin Vardanazor”, daha sonra Ermənistan parlamentinin 4 iyul 2006-cı il tarixli qərarı ilə dəyişdirilərək “Txkut” adlandırılmışdır. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 38°59′ şm. e., 46°14′ ş. u.