Yengicə

Yengicə – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Vedi (Ararat) rayonunda, hazırda isə Ararat vilayətində kənd. Vilayət mərkəzi Qəmərli (Artaşat) şəhərindən 13 km cənub-şərqdə, Vediçayın qolu üzərində, dəniz səviyyəsindən 860 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1831-ci ildə 37 nəfər, 1873-cü ildə 189 nəfər, 1886-cı ildə 199 nəfər, 1897-ci ildə 313 nəfər, 1904-cü ildə 470 nəfər, 1914-cü ildə 517 nəfər azərbaycanlı yaşamışdır. Azərbaycanlılar 1919-cu ildə erməni silahlıları tərəfindən soyqırıma məruz qalaraq qovulmuş, xaricdən köçürülüb gətirilən ermənilər kənddə yerləşdirilmişdi. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar öz kəndlərinə dönə bilmişlər. 1922-ci ildə burada 162 nəfər azərbaycanlı, 187 erməni, 1926-cı ildə 194 nəfər azərbaycanlı, 160 erməni və kürd, 1931-ci ildə 182 nəfər azərbaycanlı, 195 erməni yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən azərbaycanlılar 1948–1949-cu illərdə zorla tarixi-etnik torpaqlarından Azərbaycana köçürülmüşdür. Burada yalnız ermənilər qalmışdır.

Toponim təzə mənasında işlənən “yengi” sözü ilə “-cə” şəkilçisinin birləşməsindən əmələ gəlmişdir.

Ermənistan prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Sisavan” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°54′ şm. e., 44°40′ ş. u.