Şəhərcik – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonu ərazisində, hazırda isə Sünik vilayətində kənd. Vilayət mərkəzi Qafan şəhərindən 7 km şimalda, Oxçuçayın sol sahilində yerləşir. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Kənddə 1831-ci ildə 37 nəfər, 1873-cü ildə 162 nəfər, 1886-cı ildə 371 nəfər, 1897-ci ildə 341 nəfər, 1904-cü ildə 395 nəfər, 1914-cü ildə 180 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq deportasiya olunmuşlar. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra kəndin sakinlərinin bir qismi öz yurdlarına qayıda bilmişdilər. Burada 1922-ci ildə 262 nəfər, 1926-cı ildə 316 nəfər, 1931-ci ildə 425 nəfər azərbaycanlı yaşamışdır. 1960-cı ildə Şəhərcik kəndi inzibati-ərazi vahidi kimi ləğv edilmiş, Qafan şəhərinin qəsəbəsinə çevrilmişdir. 1988-ci il noyabr ayının axırlarında kəndin azərbaycanlı əhalisi Ermənistan dövləti tərəfindən qovulmuşdur. Hazırda burada yalnız ermənilər yaşayırlar.
Toponim cavanşir türk tayfasına mənsub olan “şəhərcik” etnonimi əsasında əmələ gəlmişdir.
Yerləşdiyi koordinatlar: 39°12′ şm. e., 46°24′ ş. u.