Şahablı

Şahablı – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Vedi (Ararat) rayonunda, hazırda isə Ararat vilayətində kənd. Vilayət mərkəzi Qəmərli (Artaşat) şəhərindən 35 km cənub-şərqdə, Qırxbulaq çayının yanında, dəniz səviyyəsindən 1300 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1873-cü ildə 437 nəfər, 1886-cı ildə 606 nəfər, 1897-ci ildə 853 nəfər, 1904-cü ildə 827 nəfər, 1914-cü ildə 910 nəfər, 1916-cı ildə 966 nəfər azərbaycanlı yaşamışdır. 1919-cu ildə azərbaycanlılar erməni silahlı birləşmələri tərəfindən qovulmuşlar. Türkiyənin Van və Şatax vilayətlərindən köçürülüb gətirilən ermənilər bu kəndə də yerləşdirilmişdir. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar öz kəndlərinə dönə bilmişlər. Ermənilərlə yanaşı, burada 1922-ci ildə 64 nəfər, 1926-cı ildə 41 nəfər, 1931-ci ildə 79 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edilmişdir. Hazırda burada yalnız ermənilər yaşayırlar.

Toponim şahablı nəsil adı əsasında əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 iyul 1968-ci il tarixli fərmanı ilə adı dəyişdirilərək “Şağap” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°52′ şm. e., 44°54′ ş. u.