Maqauz

Maqauz – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunda, hazırda isə Sünik vilayətində kənd. Vilayət mərkəzi Qafan şəhərindən 28 km şimal-şərqdə, dəniz səviyyəsindən 1530 m hündürlükdə yerləşir. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir. Erməni müəlliflərinin əsərlərində “Moqes” formasında qeyd edilir. Kəndin başqa adı “Novruzlu” olmuşdur.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra azərbaycanlı əhali tədricən kəndi tərk etmişdir. Ermənilər Maqauz kəndinə 1828–1830-cu illərdə İranın Qaradağ vilayətindən köçürülmüşdür.

Toponim “muq” (muğ) türk etnoniminin fars dilində işlənən forması olan “maq” etnonimi ilə türk dilində “mənsəb”, “dərə”, “dağ keçidi” mənasında işlənən “auz” sözünün birləşməsindən əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 29 iyun 1949-cu il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Kaxnut” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°16′ şm. e., 46°30′ ş. u.