Qaşqa – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Vedi (Ararat) rayonunda, hazırda isə Ararat vilayətində kənd. Vilayət mərkəzi Qəmərli (Artaşat) şəhərindən 56 km cənub-şərqdə, Ağdərə dərəsində, Çalaxçı çayının yanında, dəniz səviyyəsindən 1800 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Kənddə 1831-ci ildə 8 nəfər azərbaycanlı yaşamışdır. Sonra İranın Xoy və Səlmas vilayətlərindən köçürülüb gətirilən ermənilər bu kənddə yerləşdirilmişdir, nəticədə, kənd tam surətdə erməni yaşayış məntəqəsinə çevrilmişdir.
Toponim qədim türk tayfalarından biri olan “qaşqay” etnonimi əsasında əmələ gəlmişdir. “Qaşqa” “qaşqay” etnoniminin fonetik formasıdır.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 10 sentyabr 1948-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Vardaşat” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 39°49′ şm. e., 45°01′ ş. u.