Keypəşin – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunda, hazırda isə Sünik vilayəti ərazisində kənd. Qafandan 38 km şimal-şərqdə, Gığı çayının yuxarı axarında, Gərd çayı ilə Gığı çayının qovuşduğu yerdə yerləşir. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir. 1930-cu ildə kolxoz quruluşu yaradılanda Pəhyan təsərrüfatına daxil edilmişdir. 1950-ci illərdə kolxozlar ləğv ediləndən sonra Gığı heyvandarlıq sovxozuna tabe edilmişdir.
Kənddə 1897-ci ildə 68 nəfər, 1922-ci ildə 85 nəfər, 1926-cı ildə 45 nəfər, 1931-ci ildə 136 nəfər, 1959-cu ildə 1372 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ildə noyabrın axırlarında azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. Hazırda kənddə ermənilər yaşayırlar.
Toponim Azərbaycan dilində “pilləli qaya” mənasında işlənən “kəp” sözü ilə türk dilində “yaşayış məntəqəsi” mənası bildirən “şenlik” sözünün fonetik forması olan şen topoformantı əsasında əmələ gəlmişdir.
Kənd hal-hazırda Ermənistan Respublikası Sünik mərkəzi inzibati ərazi vahidinin Nor Astğaberd kənd icması ərazisi daxilindədir. Bir neçə evi çıxmaq şərtilə kənd ərazisində yaşayış yoxdur, dağıdılmışdır.
Yerləşdiyi koordinatlar: 39°14′ şm. e., 46°06′ ş. u.