Qaralar

Qaralar – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Vedi (Ararat) rayonunda, hazırda isə Ararat vilayətində kənd. Vilayət mərkəzi Qəmərli (Artaşat) şəhərindən 10 km cənub-şərqdə, Vedi çayının yanında, dəniz səviyyəsindən 850 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeyd edilmişdir.

Kənddə 1873-cü ildə 443 nəfər, 1886-cı ildə 387 nəfər, 1897-ci ildə 570 nəfər, 1904-cü ildə 252 nəfər, 1914-cü ildə 256 nəfər, 1916-cı ildə 546 nəfər, azərbaycanlı yaşamışdır. Lakin “Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti”ndə bu faktlar təhrif edilərək 1873–1916-cı illərdə kənddə azərbaycanlıların yox, ermənilərin yaşadığı göstərilir. 1918–1919-cu illərdə azərbaycanlılar erməni silahlı birləşmələri tərəfindən qırğınlara məruz qalaraq qovulmuş, 1920-ci ilin sonunda İrandan, 1920–1921-ci illərdə Türkiyənin Van, Şatax və Bəyazid vilayətlərindən, 1940–1950-ci illərdə indiki Ermənistanın Aşağı Qaranlıq (Martuni) və Sisian rayonlarından, 1946-cı ildə İran və Livandan ermənilər köçürülərək Qaralar kəndində yerləşdirilmişdir. 1920-ci ildə indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılardan sağ qalanları geri qayıda bilmişdir. Burada 1922-ci ildə 241 nəfər azərbaycanlı, 273 nəfər erməni, 1926-cı ildə 280 nəfər azərbaycanlı, 252 nəfər erməni, 1931-ci ildə 297 nəfər azərbaycanlı, 292 nəfər erməni, 1939-cu ildə 780 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edilmişdir. Deportasiya edilənlərin bir qismi sonradan doğma kəndlərinə qayıda bilmişdi. 1955-cı ildə 1181, 1970-ci ildə 1794, 1979-cu ildə 1942 nəfər azərbaycanlı və erməni yaşamışdır. 1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik vətənlərindən deportasiya olunmuşdur. Hazırda burada yalnız ermənilər yaşayırlar.

Toponim türkmənşəli “qaralar” etnonimi əsasında əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Aralez” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°54′ şm. e., 44°39′ ş. u.