Aşağı Xotanan – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunda, hazırda isə Sünik vilayətində kənd. Vilayət mərkəzi Qafan şəhərindən 21 km şimal-qərbdə, dəniz səviyyəsindən 1150 m hündürlükdə yerləşir. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra azərbaycanlı əhali tədricən kəndi tərk etmişdir. Toponim türk mənşəli “xotan” etnonimi əsasında formalaşmışdır.
Toponimin sonundakı “-an” şəkilçisi cəmlik əlaməti bildirir. “Xotanlar tayfasının yaşadığı kənd” mənasını ifadə edir. Erməni ədəbiyyatınada “Nerkin Xotanan” formasında əksini tapır.
“Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 39°17′ şm. e., 46°22′ ş. u.