Aşağı Girətağ – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunda, hazırda isə Sünik vilayətində kənd. Yuxarı Girətağ kəndindən 4 km cənub-qərbdə, Oxçuçayın sol sahilində, dəniz səviyyəsindən 1440 m hündürlükdə yerləşir. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir. Qafqazın beşverstlik xəritəsində “Kirətaq” formasında qeydə alınmışdır.
Tarixən Zəngəzur qəzasında Girətağ adlı bir kənd olmuşdur. Sonralar bir qrup kənd sakini Girətağdan köçərək kəndin yaxınlığında yeni kənd salmışlar və yeni salınan kənd Aşağı Girətağ, Girətağın özü isə Yuxarı Girətağ adlanmışdır.
Aşağı Girətağda 1897-ci ildə 87 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin sakinləri erməni soyqırımına məruz qaralaq deportasiya olunmuşdur. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra kənd sakinləri doğma yurdlarına dönə bilmişlər. Kənddə 1922-ci ildə 82 nəfər, 1926-cı ildə 87 nəfər, 1931-ci ildə 127 nəfər, 1939-cu ildə 139 nəfər, 1959-cu ildə 167 nəfər, 1979-cu ildə 143 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tamamilə tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. Hazırda burada ermənilər yaşayırlar.
Toponim türk dilində “dağ silsiləsi, sıra dağlar”, “çöl, dağ, hündür yer, təpəlik”, “dağ qılıcı, yayla” mənasında işlənən “kir” sözü ilə dağ (tağ) sözünün birləşməsindən əmələ gəlmişdir. Toponimin əvvəlindəki “aşağı” sözü fərqləndirici əlamət bildirir.
Kəndin adı rəsmi sənədlərdə sonradan “Nerkin Giratağ” kimi yazılır. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 39°13′ şm. e., 46°16′ ş. u.