Daşlı – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Vedi (Ararat) rayonunda, hazırda isə Ararat vilayətində kənd. Vilayət mərkəzi Qəmərli (Artaşat) şəhərindən 19 km cənub-şərqdə, Vedi çayının yanında, dəniz səviyyəsindən 970 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. “İrəvan əyalətinin icmal dəftəri”ndə kəndin adı Gərni (Karni) və Vedi nahiyələrinə daxil olan yaşayış məntəqələri siyahısında əksini tapır.
Daşlı kəndində 1831-ci ildə 84 nəfər, 1873-cü ildə 147 nəfər, 1886-cı ildə 135 nəfər, 1897-ci ildə 184 nəfər, 1904-cü ildə 238 nəfər, 1914-cü ildə 261 nəfər, 1916-cı ildə 171 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə erməni silahlı birləşmələri tərəfindən azərbaycanlılar qovulmuş və xaricdən ermənilərin burada yerləşdirilməsinə başlanmışdır. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra kənddən qovulmuş azərbaycanlıların bir qismi öz doğma ocaqlarına dönə bilmişdi. Kənddə ermənilərlə yanaşı 1922-ci ildə 93 nəfər, 1926-cı ildə 95 nəfər, 1931-ci ildə 117 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya edilərək Azərbaycana köçürülmüşdür. İndi burada yalnız ermənilər yaşayırlar.
Toponim Azərbaycan dilində işlənən “daş” sözünə çoxluq mənası ifadə edən “-lı” şəkilçisinin qoşulması əsasında yaranmışdır.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 iyul 1968-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Daştakar” qoyulub. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 39°55′ şm. e., 44°45′ ş. u.