Şahverdilər

Şahverdilər – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Gorus rayonunda, hazırda isə Sünik vilayəti ərazisində kənd. Gorus rayon mərkəzindən 14 km cənubda, Gorus-Qafan şose yolunun kənarında, Bazarçayın (Bərgüşad) üzərində yerləşmişdir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. Kəndin digər adı “Şahverdiuşağı” olmuşdur. Kəndin adı bu yaşayış məntəqəsinin əsasını qoymuş nəslin adı ilə bağlıdır.

Kənddə 1886-cı ildə 238, 1897-ci ildə 217, 1904-cü ildə 111, 1914-cü ildə 147 nəfər yalnız azərbaycanlı yaşamışdır. Erməni silahlı dəstələri 1918-ci ilin avqust–sentyabr aylarında Şahverdilər kəndini yandırmış, kənd sakinlərindən 87 nəfəri qətlə yetirmiş, qalan camaat isə Qubadlı bölgəsinə qaçmışdır. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir. Sovet hökuməti qurulduqdan sonra cəmi 40 ailə yenidən geriyə dönərək Şahverdilər kəndini bərpa etmişdir. SSRİ Nazirlər Sovetinin “Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycanın Kür-Araz ovalığına köçürülməsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin əhalisi 1951-ci ildə tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. 1953-cü ildə İ.Stalinin vəfatından sonra əhalinin bir qismi kəndə qayıda bilmişdi.

1961-ci ildə “Tatev” su elektrik stansiyası tikilərkən kəndin adı dəyişdirilərək “Vorotan” qəsəbəsi adlandırılmışdır. Həmin vaxtdan 8 erməni ailəsi Şahverdilər kəndinə köçərək orada məskunlaşmışdır. 1988-ci ilin noyabr ayında 80 nəfər azərbaycanlı yaşayan bu kənd boşaldılmış, əhalinin var-dövləti, ev-eşiyi əvəzsiz olaraq ermənilərə qalmışdır.

Yerləşdiyi koordinatlar: 39°26′ şm. e., 46°20′ ş. u.