Qurdqalaq – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Gorus rayonunda, hazırda isə Sünik vilayətində kənd. Gorus şəhərindən 26 km cənub-şərqdə, Gorus-Qafan avtomobil yolunun sağ tərəfində yerləşir. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir.
Kənddə 1897-ci ildə 30 nəfər, 1904-cü ildə 54 nəfər, 1914-cü ildə 44 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin sakinləri erməni silahlı birləşmələrinin hücumuna məruz qalmış və kəndi tərk etmişlər. Kəndi tərk etmiş azərbaycanlılar indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra tarixi-etnik torpaqlarına dönmüşlər. Burada 1926-cı ildə 37 nəfər, 1931-ci ildə 49 nəfər, 1979-cu ildə 248 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayının axırlarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tamamilə deportasiya olunmuşdur. Hazırda kənddə ermənilər yaşayırlar.
Toponim “qurd” türk etnonimi ilə türk dilində “dərə, çuxur, çökəklik” mənasında işlənən “kulak” (qulaq) sözü əsasında əmələ gəlmişdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə kəndinin adı dəyişdirilərək “Ğurdqullaq”, Ermənistan parlamentinin 4 iyul 2006-cı il qərarı ilə təkrar dəyişdirilərək “Vanand” adlandırılmışdır. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 39°20′ şm. e., 46°26′ ş. u.