Qalax

Qalax – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Gorus rayonunda, hazırda isə Sünik vilayətində, dəniz səviyyəsindən 1550 m hündürlükdə yerləşən kənd. Vilayətin ərazisində tarixən mövcud olmuş II Bayandur kəndinin yaxınlığında yerləşmişdir. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir. Erməni müəlliflərinin əsərlərində Qalax kəndi II Bayandur kəndinin qədim adı kimi qeyd edilir.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, Türkmənçay (1828) müqaviləsinə əsasən ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi kəndi tədricən tərk etmişdir.

Toponim Azərbaycan dilində “topa, yığın” mənasında işlənən “qalax”sözündən əmələ gəlmişdir.

Hazırda kənd “Vağatur” adlanır. Kənd “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°36′ şm. e., 46°22′ ş. u.