Avşar – keçmiş İrəvan quberniyasının İrəvan qəzasının Vedibasar mahalında, sonralar keçmiş Vedi (Ararat) rayonunda, hazırda isə Ararat vilayətində kənd. Vilayət mərkəzi Qəmərli (Artaşat) şəhərindən13 km cənub-şərqdə, Vedi çayından ayrılan arxın yanında, dəniz səviyyəsindən 835 m hündürlükdə yerləşir. 1590-cı il tarixli “İrəvan əyalətinin müfəssəl dəftərin”də Avşar kəndi, 1728-ci il tarixli “İrəvan əyalətinin icmal dəftər”ində Vedi nahiyəsində Əfşaryerli formasında, Qafqazın beşverstlik xəritəsində Avşar kimi qeydə alınmışdır. Erməni müəlliflərinin əsərlərində kəndin 1831-ci ildə salındığı göstərilir. Əslində, kəndin tarixi çox qədimdir. Belə ki, “İrəvan əyalətinin müfəssəl dəftərin”də XVI əsrdə Vedi nahiyəsində Avşar adlı kəndin mövcudluğu qeyd edilir.
Kənddə 1831-ci ildə 80, 1873-cü ildə 886, 1886-cı ildə 1059, 1897-ci ildə 1166, 1904-cü ildə 1094, 1914-cü ildə 1203, 1916-cı ildə 1160 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918–1919-cu illərdə azərbaycanlılar ermənilər tərəfindən qırğınlara məruz qalaraq qovulmuşlar. Xaricdən köçürülüb gətirilən ermənilər bu kənddə yerləşdirilmişdir. 1920-ci ildə indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra kənddən qovulmuş azərbaycanlılardan sağ qalanları doğma kəndlərinə qayıtmışlar. 1920-ci ildən sonra kənddə azərbaycanlılarla yanaşı ermənilər də yaşamışdır. Burada 1922-ci ildə 420 nəfər azərbaycanlı, 322 erməni, 1926-cı ildə 533 nəfər azərbaycanlı, 317 erməni, 1931-ci ildə 608 nəfər azərbaycanlı, 327 erməni yaşamışdır. 1831–1916-cı illərə kimi Avşar kəndində yalnız azərbaycanlılar yaşamışdır. Azərbaycanlılar SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən 1948–1950-ci illərdə zorla Azərbaycana köçürülmüşdür. Hazırda burada yalnız ermənilər yaşayırlar.
Toponim “çevik və ovçuluğu sevən” mənasını verən avşar oğuz tayfasının adı əsasında əmələ gəlmişdir.
“Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 39°50′ şm. e., 44°41′ ş. u.