Ərəfsə

Ərəfsə – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qarakilsə (Sisian) rayonunda, hazırda isə Sünik vilayətində kənd. Vilayət mərkəzi Qafan şəhərindən 120 km şimal-qərbdə, Bazarçay çayının sağ sahilində, dağ ətəyində, dəniz səviyyəsindən 1900 m hündürlükdə yerləşir. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir. 1590-cı il tarixli “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə “Ərəfsəcik” formasında, Qafqazın beşverstlik xəritəsində “Ərəvsə” kimi qeydə alınmışdır.

Kənddə 1831-ci ildə 19 nəfər, 1873-cü ildə 169 nəfər, 1886-cı ildə 148 nəfər, 1897-ci ildə 123 nəfər, 1908-ci ildə 168 nəfər, 1914-cü ildə isə 300 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ilin sonlarında azərbaycanlılar erməni silahlı birləşmələri tərəfindən kənddən qovulmuşlar. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılar doğma kəndlərinə qayıda bilmişdilər. Burada 1922-ci ildə 151 nəfər, 1926-cı ildə 60 nəfər, 1931-ci ildə 225 nəfər, 1959-cu ildə 478 nəfər, 1970-ci ildə 551 nəfər, 1979-cu ildə isə 476 nəfər azərbaycanlı yaşamışdır. 2008-ci ildə erməni dilində çap olunmuş “Ermənistanın yaşayış məntəqələrinin lüğəti”ndə kəndin əhalisinin ümumi sayı göstərilsə də, etnik tərkibi göstərilməmişdir. 1988-ci ilin noyabr ayında kəndin azərbaycanlı əhalisi Ermənistan dövləti tərəfindən tamamilə deportasiya edilmişdir. Hazırda burada yalnız ermənilər yaşayırlar.

Toponim kəngərli türk tayfasından olan “ərəfsəli” etnonimindən əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 iyul 1968-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Arevis” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°24′ şm. e., 45°54′ ş. u.