Dərəbas – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qarakilsə (Sisian) rayonunda, hazırda isə Sünik vilayətində kənd. Vilayət mərkəzi Qafan şəhərindən 107 km şimal-qərbdə, dəniz səviyyəsindən 1500 m hündürlükdə yerləşir. 1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir. Qafqazın beşverstlik xəritəsində “Dərəbaz” formasında qeydə alınmışdır.
Ermənilər bura 1828–1829-cu illərdə Türkiyədən köçürülərək yerləşdirilmişdir. Ermənilərlə yanaşı kənddə 1831-ci ildə 164 nəfər, 1873-cü ildə 515 nəfər, 1886-cı ildə 553 nəfər, 1897-ci ildə 730 nəfər, 1908-ci ildə 440 nəfər azərbaycanlı yaşamışdır. 1918–1920-ci illərdə azərbaycanlılar erməni silahlı birləşmələri tərəfindən qırğınlarla tarixi-etnik torpaqlarından qovulmuşlar. Hazırda kənddə ermənilər yaşayırlar.
Toponim Azərbaycan dilində “iki dağ arasında çuxur” mənası bildirən “dərə” sözünə türk dillərində “dağın başı”, “zirvə” mənasında işlənən “bas” sözünün birləşməsindən əmələ gəlmişdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 10 sentyabr 1946-cı il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Darbas” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Sünik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.s
Yerləşdiyi koordinatlar: 39°26′ şm. e., 46°07′ ş. u.